Ana səhifə  |  Albomlar    Videolar    21.01.2017
Az  |  Ru
17.05.15 21:05
Baxılıb::1368

Milli Məclisə seçkilər və siyasi mübarizənin mahiyyəti

Milli Məclisə seçkilər və siyasi mübarizənin mahiyyəti

Son 20 ildə keçirilən seçkiləri əhalinin siyasi aktivliyinə görə  qiymətləndirsək, 1991-1992-ci illərdə keçirilən  seçkilər daha aktiv hesab edilə bilər. O dövrdə müxalifətin təşkil etdiyi mitinqlərdə də on minlərlə insanın iştirakı danılmaz faktdır. Etiraf etmək lazımdır ki, o dövrdə siyasi müxalifətin dövlət idarəçiliyinə təsir gücü də xeyli yüksək idi. Müxalifətin həm Ali Sovetdə (sonralar Milli Məclisdə) xeyli səsə malik olması, həm də Milli Müdafiə Şurasında təmsil edilməsi onun siyasi çəkisinin yüksək olduğundan xəbər verirdi.  Qeyd edək ki,  1993, 1998 və 2003-cü il prezident seçkilərində, həmçinin 1995 və 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə də siyasi aktivlik heç də indiki qədər az olmayıb. Lakin bu seçkilərin xarakterik cəhəti ondan ibarətdir ki,   əhalinin siyasi aktivliyi ildən ilə azalma xətti ilə davam etmişdir. Eyni fikirləri  bələdiyyə seçkilərinə də aid etmək olar. Bu orqanlara keçirilmiş seçkilərdə də əhali kütləsinin aktivliyi ilbəil  azalmışdır.

Əhalinin siyasi aktivliyi mövcud iqtidarla müxalifət arasındakı siyasi mübarizənin göstəricisi olduğundan siyasi aktivliyin azalması həm də belə mübarizənin zəiflədiyindən xəbər verir.  Digər tərəfdən, belə mübarizənin aparıcı tərəfi kimi müxalifət çıxış etdiyindən siyasi aktivliyin azalması həm də müxalifətin zəifləməsi və ya müxalifətlə geniş əhali kütləsi arasındakı əlaqələrin zəifləməsi deməkdir.

 Azərbaycanda əhalinin siyasi aktivliyinin və ya  müxalifətlə geniş əhali kütləsi arasındakı əlaqələrin sürətlə zəifləməsi subyektiv faktorlarla (məsələn, müxalifət partiyalarının ideoloji əsaslarının və ya siyasi mübarizələrinin mahiyyətinin aydın olmaması) və obyektiv faktorla bağlıdır. Obyektiv faktorlar kimi  1)mövcud qanunvericiliyin siyasi aktivliyə stimul verməməsi, o cümlədən proporsional seçki sisteminin ləğv edilməsini; 2) müxalifət düşərgəsində olan ziyalıların müxtəlif növ repressiyalara məruz qalmasını; 3)əhalinin daha geniş aktiv təbəqələrinin müxtəlif qurumlar tərəfindən müvəqqəti olaraq ələ alınmasını; 4)İnformasiya blokadasını və ya  mövcud hakimiyyətin əks təbliğatını misal gətirmək olar. Obyektiv faktorlar, yəni mövcud hakimiyyətin öz hökmranlığını uzatmaq məqsədilə həyata keçirdiyi fəaliyyətlər nəinki müxalifətin zəifləməsinə birbaşa təsir göstərir, həmçinin onun zəifliyinin nəticəsində daha da genişlənir. Daha doğrusu, sadaladığımız faktorlar bir-birini şərtləndirir.  Əlbəttə, obyektiv  faktorlar təkcə mövcud Azərbaycan hökumətinin fəaliyyəti ilə deyil, həmçinin Azərbaycanda iqtisadi və geosiyasi maraqları olan Qərb dövlətlərinin, xüsusilə ABŞ institutlarının fəaliyyəti ilə sıx bağlıdır. Belə ki, son 15 ildə Azərbaycanda aparılmış siyasi islahatlarda ABŞ maraqlarının dolayısı ilə  nəzərə alınması  danılmaz faktdır. Əksər hallarda isə siyasi islahatlar ABŞ-ın nəzarətində olan beynəlxalq  təşkilatların tələbi ilə aparılmışdır.   

  Nəzərə almaq lazımdır ki, əhalinin siyasi aktivliyinin artmasında hökumət maraqlı deyil. Bu təbiidir. Hər bir hökumət çalışır ki, siyasi sabitliyə nail olsun. Təəssüf ki, çox hallarda belə zahiri sabitlik qeyri-qanuni və ya qeyri-demokratik metodlarla həyata keçirilir. Yuxarıda sadaladığımız və obyektiv faktorlar adlandırdığımız fəaliyyətlərin demək olar ki, hamısı məhz qeyri-demokratik, hətta qeyri-qanuni metodlardır.

Etiraf etmək lazımdır ki, hər bir cəmiyyətdə, o cümlədən Azərbaycanda siyasi mübarizənin daşıyıcısı təşkilatlanmış müxalifət qüvvələridir.  Digər tərəfdən, siyasi aktivliyin əsas göstəricisi olan müxalifət-xalq kütləsi birliyində aparıcı tərəf də müxalif siyasi partiyalardır. Odur ki,  müxalifətlə əhali kütləsi arasındakı əlaqələrin getdikcə zəifləməsi və ya cəmiyyətdə siyasi aktivliyin azalması müxalif siyasi partiyaların siyasi mübarizəsinin mahiyyətindən birbaşa asılıdır.

Beləliklə, son 20 ildə Azərbaycan cəmiyyətində baş verən hadisələr fonunda  1) siyasi mübarizənin motivlərinin, 2) siyasi mübarizənin mahiyyətinin, 3) siyasi mübarizənin dəyərinin və nəhayət, 4) siyasi mübarizənin formalarının öyrənilməsinə ciddi ehtiyac vardır.  Qeyd edək ki,  “siyasi mübarizənin motivi”, “siyasi mübarizənin mahiyyəti” və “siyasi mübarizənin dəyəri anlayışları bir birindən ciddi fərqlənərək təşkilatlanmış siyasi aktivliyi siyasi partiyalardan xalq kütlələrinə tərəf yönəldir. Belə ki,  “Siyasi mübarizənin motivi” daha çox siyasi partiyaların aparıcı qüvvələrinin nəzəri və ideoloji fəaliyyəti ilə müəyyənləşməli və partiyaların strateji proqramlarının əsasını təşkil etməlidir. Məhz belə motivlər əsasında siyasi mübarizənin mahiyyəti formalaşmalıdır.

Siyasi partiyalar o vaxt  müvəffəqiyyət qazana bilər ki, siyasi mübarizənin mahiyyətini geniş kütlələrin dəyərinə çevirə bilir. Başqa sözlə desək, o halda xalq kütlələri siyasi partiyaları dəstəkləyir ki, siyasi mübarizənin dəyəri həm ictimai dəyərə, həm də çoxluğun ayrı-ayılıqda fərdi dəyərinə çevrilə bilir. Odur ki, siyasi partiyalarla xalq kütlələri arasındakı münasibət daha çox bu iki anlayışla, yəni “siyasi mübarizələrin mahiyyəti” və “ siyasi mübarizənin dəyəri” anlayışları ilə bağlı olur. Məhz buna görə də  siyasi partiyalar tərəfindən siyasi mübarizə motivinin düzgün müəyyənləşməsi və mübarizənin mahiyyətinin düzgün formalaşması  mühüm əhəmiyyət kəsb edir. Deməli, müxalifət partiyalarının siyasi mübarizə motivlərinə və ya bu mübarizənin mahiyyətinin formalaşmasına aktiv təsir göstərməklə,  cəmiyyətdə siyasi vəziyyətin idarə edilməsinə nail olmaq olar. Qərb dövlətləri, xüsusilə ABŞ öz  “müştəri ölkələrində”, o cümlədən Azərbaycanda  siyasi vəziyyəti nəzarətdə saxlamaq və demokratiya imitasiyası yaratmaq üçün bu metoddan geniş istifadə edir.     Siyasi motivlərin manipulyasiya edilməsi, onların yaradılması və ya şişirdilməsi  siyasi mübarizənin vektorunu idarə etmək deməkdir.

Qeyd edək ki, 1988-ci ildən 1993-cü ilədək olan dövrdə siyasi mübarizədə əsas motiv Dağlıq Qarabağ problemi ilə bağlı olmuşdur. Etiraf etmək lazımdır ki, bu motiv  o qədər güclü və onun əsasında formalaşan “siyasi mübarizənin mahiyyəti” o qədər aydın və başa düşülən olmuşdur ki, hakimiyyətin dəyişdirilməsinə (hətta zorla!), o dövrdəki mövcud qanunların pozulmasına, zavod və fabriklərin işinin iflic vəziyyətə salınmasına və sair   yönələn hər hansı fəaliyyət xalq kütlələri tərəfindən yüksək dəyər səviyyəsinə qalxmış və o dövrdəki müxalifətlə xalq kütlələri arasındakı geniş ideoloji birlik təmin edilmişdir.  Belə siyasi  motivin cəmiyyətin geniş təbəqələri tərəfindən siyasi dəyərə çevrilməsi hadisələrin inkişafında maraqlı olan daxili və ya xarici qüvvələr tərəfindən daha da stimullaşdırılmışdır. Məsələn, bu dövrdə Dağlıq Qarabağ    problemi ilə bağlı motiv siyasi mübarizədə digər məsələlərin, o cümlədən ölkənin müstəqilliyinin və demokratik inkişafın vacibliyini də ön plana çəkdi. Şübhəsiz ki, Dağlıq Qarabağ motivi və siyasi mübarizədə aydın formalaşan digər məsələlər o dövrdəki hakimiyyətin dəyişdirilməsinə yönələn mübarizəni asanlıqla  cəmiyyət üçün siyasi dəyərə çevirə bilmişdi.

Lakin 1992-1993-cü illər ərzində siyasi mübarizənin motivi kəskin surətdə dəyişmişdir. Belə ki, bu dövrdə müharibədən yorulmuş, yeni itkilər verməkdən ehtiyat edən geniş əhali kütləsi Dağlıq Qarabağın hərb yolu ilə azad edilməsini, milli eqoizmi, yaxın qonşularla münasibətlərin qırılmasını  dəyər kimi qəbul edə bilmədi. Bu elə dövr idi ki, dövlət orqanlarındakı zəif idarəçilik cəmiyyətdə hərc-mərclik,  ciddi iqtisadi və sosial tənəzzül yaratmışdı. Bu dövrdə cəmiyyət demokratik dəyişikliklərdən daha çox sabitliyi və təhlükəsizliyi  dəyər kimi qarşıya çıxardı. Bir vaxtlar  Elçibəy müxalifətinin siyasi motivini öz mübarizə dəyərinə çevirmiş geniş xalq kütləsi yeni siyasi dəyərləri önə çəkərək, Elçibəy hakimiyyətinin siyasi motivlərindən imtina etdi. Müxalifətlə və ya hakimiyyətlə cəmiyyət arasındakı belə “ideoloji toqquşma” təbiidir. Lakin belə “toqquşmada” o siyasi partiya qələbə çalır ki, geniş xalq kütlələrinin cari maraqlarını ifadə edən motivlər formalaşdıra  və onu çoxluğun dəyərinə çevirə bilir.

Qeyd edək ki, siyasi mübarizə tarixində elə dövrlər olur ki, cəmiyyətdə dominant ictimai fikir siyasi mübarizənin motivini müəyyən etməyə stimul yaradır. Bu halda motiv çox asanlıqla siyasi dəyərə çevrilir və geniş xalq kütləsi tərəfindən dəstəklənir. 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətinin devrilməsində məhz belə motivlərdən istifadə edilib. Sonrakı dövrlərdə də əhalinin cari maraqlarını ifadə edən bir çox hadisələrdən, o cümlədən atəşkəsin təmin edilməsindən, 1994-cü ildə “Əsrin Kontraktının” imzalanmasından, BTC boru kəmərinin tikilməsinə dəstək verilməsindən, Avropa Şurasına daxil olmaqdan, NATO ilə əməkdaşlığın genişlənməsindən, Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanmasına sadiqlik göstərilməsindən, özəlləşdirmənin və torpaq islahatlarının həyata keçirilməsindən və sair hadisələrdən iqtidarın siyasi fəaliyyətinin əsas motivləri kimi istifadə edilib. Əlbəttə,  belə  siyasi addımların Azərbaycanın perspektiv maraqlarına hansı dərəcədə xidmət etməsi başqa müzakirənin mövzusudur. Fakt isə bundan ibarətdir ki,   cəmiyyətdə mövcud dominant ictimai fikrə əsaslanan siyasi motiv perspektiv maraq nöqteyi-nəzərdən hansı mahiyyət daşımasından asılı olmayaraq müəyyən müddət yaşarlı olur. Məhz belə hallarda siyasi müxalifət Azərbaycanın perspektiv  maraqlarını (Qərb ölkələrinin, xüsusilə ABŞ-ın maraqlarını yox!) əsas götürərək hakimiyyətin siyasi motivinin mahiyyətini açmalı və cəmiyyətdə yeni siyasi dəyərlərinin formalaşmasına çalışmalıdırlar.  Bunların müqabilində müxalifət hansı motivləri təklif edib? Bəli, etiraf etmək lazımdır ki, 1993-cü ildən bu günə kimi Azərbaycan cəmiyyəti mövcud müxalifətdən aktiv siyasi mübarizə üçün fərqli motivlər  eşitməyib. Məhz bunun nəticəsidir ki, mövcud müxalifətin dəstəkləməsi və aktiv mübarizə üçün yeni siyasi dəyərlərin formalaşması da mümkün ola bilməzdi.

Siyasi partiyalar cəmiyyətin avanqard hissəsini təşkil etdikləri üçün ölkənin perspektiv maraqlarını da daha aydın və əsaslandırılmış şəkildə proqramlaşdırmağa çalışmalıdırlar. Etiraf etmək lazımdır ki, perspektiv marağı nəzərdə tutan siyasi motiv uzunmüddətli “siyasi tərbiyənin”,  geniş miqyaslı ideoloji fəaliyyətin həyata keçirilməsini və cəmiyyətdə perspektiv marağa yönələn siyasi dəyərlərin formalaşmasını nəzərdə tutur. Bu halda cəmiyyətin daha geniş təbəqələrini hər hansı yeni siyasi mübarizə dəyərləri qəbul etməyə inandırmaq lazım gəlir. Bu çox çətin, lakin cəmiyyətin perspektiv siyasi inkişafı üçün vacibdir.

Etiraf etmək lazımdır ki, 1993-cü ildən bu günə qədər müxalifətin irəli sürdüyü heç bir motiv, o cümlədən Dağlıq Qarabağın işğaldan azad edilməsi, geniş kütlələrin siyasi mübarizəsi üçün dəyərə çevrilə bilmədi. Ona görə yox ki, əhali Dağlıq Qarabağın azad edilməsini istəmir, əsla yox! Ona görə ki, bu motivin reallaşması üçün müxalifət tərəfindən inandırıcı və real proqram təklif edilmir. Çox hallarda  Azərbaycan müxalifəti siyasi mübarizənin həm motivini, həm də mahiyyətini dəqiq müəyyən edə bilmir və mövcud hakimiyyətin dəyişməsini motiv kimi irəli sürməyə cəhd göstərir. Cəmiyyətdə mövcud olan problemlər, xüsusilə insan hüquqları ilə, işsizliklə, total korrupsiya ilə bağlı problemlər o vaxt siyasi aktivliyə səbəb ola bilər ki, bu problemlər geniş əhali kütləsi üçün siyasi dəyərə çevrilə bilsin. Mövcud problemlərin siyasi motiv kimi inkişaf etdirilməsi və siyasi dəyərə çevrilməsi siyasi partiyalardan həm ideoloji, həm də təşkilati güc tələb edir.

Təəssüf ki, son 20 ildə həm prezident, həm də Milli Məclisə seçkilərdə də müxalifətin  siyasi mübarizəsində əsas motiv kimi hakimiyyətin dəyişdirilməsi götürülmüşdür. Unutmaq lazım deyil ki, “pis idarəçiliyin” olması, qanunların işləməməsi, sosial problemlərin getdikcə dərinləşməsi mövcud hakimiyyətin dəyişdirilməsini zəruri etsə də, belə reallığın dərk edilməsi hakimiyyətin devrilməsi üçün hələ kafi deyil. Bu siyasi motiv  “yaxşı idarəçiliyin” qurulmasına zəmanəti ifadə edən siyasi mahiyyətlə zənginləşməli və geniş əhali kütləsinin siyasi dəyərinə çevrilməli idi.   Bu dövrdə Azərbaycan cəmiyyətinin gələcək həyatına ciddi təsir göstərə biləcək mühüm hadisələrin baş verməsinə baxmayaraq, müxalifət siyasi motiv kimi həmin hadisələrdən istifadə etməmişdir. Məsələn, artıq 2003-cü ildə bəlli idi ki, BTC boru kəmərinin çəkilməsi Azərbaycanda “pis idarəçiliyin” möhkəmlənməsinə, korrupsiyanın çiçəklənməsinə, həyat şəraitinin bahalaşmasına və sair digər mənfi təsirlərə səbəb olacaqdır. Kifayət qədər aydın idi ki, BTC-nin çəkilişi Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqların uzadılması deməkdir. Azərbaycanda “yaxşı idarəçiliyin” olmaması səbəbindən neftdən gələn gəlirlərin şəffaf istifadəsi mümkün olmayacaqdır. Azərbaycanın perspektiv maraqları naminə bu problemlərin siyasi motivlər kimi geniş əhali kütləsinə təbliğ edilməsi əvəzinə Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın  maraqlarının müdafiə edilməsi və “hakimiyyətə təzyiq vasitəsi” kimi siyasi oyuncağa çevrilməsi, Azərbaycan müxalifətinin siyasi satqınlığından başqa bir şey deyildi!    

Qarşıda Milli Məclisə seçkilər gəlir. Təəssüf ki, müxalifət hələ də siyasi mübarizəsinin aydın motivini ifadə edə bilmir. Bəzi siyasi partiyalar manatın devalvasiyası ilə bağlı problemləri, bəziləri ABŞ-ın Yaxın Şərq siyasətinə dəstək verməklə bütöv Azərbaycan ideyasını, bəziləri yenə də Dağlıq Qarabağ problemini, bəziləri də cəmiyyətdə hamıya bəlli olan problemləri, o cümlədən  korrupsiyanı, işsizlik problemlərini, sadalamaqla öz siyasi mübarizə motivlərini ifadə edirlər. ABŞ-ın maraqları naminə deyil, Azərbaycanın gələcəyi naminə  yeni siyasi  motivlərin irəli sürülməsi  və onların mahiyyətinin geniş kütlələrə çatdırılması zamanı yetişməyibmi, cənablar?

 Mayis Güləliyev, politoloq

 

 

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Siyasət

Azərbaycan Baş Prokurorluğu: Mixail Qorbaçov istintaqdan yayınıb

17.05.15 21:05
Müəllif:
Baxılıb:44

İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

17.05.15 21:05
Müəllif:
Baxılıb:36

“20 Yanvar” metro stansiyası qərənfillərə büründü

17.05.15 21:05
Müəllif:
Baxılıb:42

Mərkəzi Kəşfiyyat İdarəsi Heydər Əliyev haqda məxfi məruzə yaydı

17.05.15 21:05
Müəllif:
Baxılıb:120

Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

17.05.15 21:05
Müəllif:
Baxılıb:30

İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb

17.05.15 21:05
Müəllif:
Baxılıb:25

İlham Əliyev Davosdadır

17.05.15 21:05
Müəllif:
Baxılıb:29

Xəbər lenti

21 Yanvar
20 Yanvar 
19:09 
18:44 
15:55 
15:51 
15:43 
15:36 
15:23 
15:17 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org