Ana səhifə  |  Albomlar    Videolar    27.03.2017
Az  |  Ru
02.06.15 23:06
Baxılıb::1729

İran Konstitusiyasında demokratik prinsiplər

İran Konstitusiyasında demokratik prinsiplər

İMAM XOMEYNİNİN ŞAH ƏSƏRİ-İRAN İSLAM RESPUBLIKASININ KONSTİTUSİYASI

            Bu il İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin vəfatından 26 il ötür. XX əsr dünya tarixində mühüm rol oynayan İmam Xomeyninin yaratdığı İran İslam Respublikası yeni dövlət idarəçiliyi və yeni iqtisadi modeli ilə diqqəti cəlb edir. İmam Xomeyni İran tarixində yeni NİZAM yaratdı. Bu NİZAM islam dəyərlərinə söykənən dövlət idarəçiliyidir. Bu NİZAM İran iqtisadi modelinin əsasında dayanır. Son 36 il  ərzində İran xalqının müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə əldə etdiyi müvəffəqiyyətlər danılmazdır. İmam Xomeyninin irsi öyrənildikcə onun İran tarixindəki nəhəng  xidmətləri üzə çıxır. Amma onun dövlət idarəçiliyi sahəsindəki “ŞAH ƏSƏRİ” əlbəttə ki,  İran İslam Respublikasının Konstitusiyasıdır.

            İran İslam Respublikasının Əsas Qanununun mahiyyəti və onun demokratik prinsiplərə nə dərəcədə əsaslanması ilə bağlı ziddiyyətli fikirlər var. Bu da təsadüfi deyil. Belə ki, son 36 ildə İrana qarşı iqtisadi sanksiyalara və ölkədaxili məsələlərə qərəzli müdaxilə edilməsinə baxmayaraq İran cəmiyyəti 1) öz monolitliyini saxlayıb və 2)inkişaf edib. Bu gün İran iqtisadiyyatı xarici investisiyalardan ən az asılı olan və özü-özünü təmin etmək iqtidarında olan ölkələrdəndir.

            İran Konstitusiyasında teokratik və demokratik elementlər vəhdətdədir. Belə ki, Konstitusiyanın ikinci maddəsində İran İslam Respublikası İslam ənənələrinə əsasən yaranan ictimai quruluş kimi xarakterizə olunur. Qeyd edək ki, dövlət idarəçiliyində demokratik prinsiplər kimi qəbul edilən prinsiplərin, demək olar ki, hamısı İslamda öz geniş əksini tapıb.

            Dövlət idarəçiliyində demokratik prinsiplər dedikdə, əsasən 1) vətəndaşların dövlət idarəçiliyində iştirakının təmin edilməsi;2) bərabərlik; 3) siyasi tolerantlıq; 4) hesabatlılıq; 5) şəffaflıq; 6)  mütəmadi, azad və ədalətli seçkilərin keçirilməsi; 7) iqtisadi  azadlıq; 8)insan hüquqlarına hörmət  prinsipləri nəzərdə tutulur.

            Şübhə yoxdur ki, “vətəndaşların dövlət idarəçiliyində iştirakının təmin edilməsi” prinsipi mühüm məsələdir və hakimiyyətlə  cəmiyyət arasında etibarın, milli birliyin təmin edilməsində mühümdür. Dövlət idarəçiliyində iştirak müxtəlif mexanizmlərlə həyata keçirilə bilər. Belə iştirak nə qədər dərin və birbaşa olarsa, dövlət idarəçiliyinin  effektliliyi də bir o qədər artar. Belə mexanizmlərdən ən geniş yayılmışları vətəndaşların dövlət idarəçiliyinin müxtəlif səviyyələrində seçki prosesi vasitəsilə iştirakın təminatıdır. Seçmək və seçilmək hüququ, yerli və ölkə əhəmiyyətli məsələlərin həllində iştirak imkanı vətəndaşların dövlət idarəşiliyində iştirakını təmin edir.  Vətəndaşların bu hüququ  İran İslam Respublikasının Əsas Qanununun 6-cı maddəsində geniş təsbit edilib. Bu maddədə deyilir ki, “İran İslam Cümhuriyyətində ölkənin işləri ümumi rəyə əsaslanaraq idarə edilməlidir- yəni bu idarəetmə seçkilər yolu ilə cümhuriyyət başçısı seçkisi, İslam Şurası Məclisinə nümayəndələrin, başqa Şuraların  üzvlərinin və bu kimi orqanların seçilməsi ilə təmin edilir və yaxud bu Qanunun başqa maddələrində müəyyən edilən bir sıra hallarda isə referendum keçirməklə həyata keçirilir.”  “Vətəndaşların iştirak prinsipi”  İran İslam Respublikasının Əsas Qanununun 7-ci maddəsinə əsasən nəinki İslam Şurası Məclisində, həmçinin əyalət, vilayət, məhəllə, bəxş və kənd şuraları kimi qurumlara da həyata keçirilir.

            Demokratiyanın “bərabərlik prinsipi” cəmiyyətlərdə irqindən, dinindən, etnik mənsubiyyətindən, cinsindən asılı olmayaraq  hamının eyni dərəcədə dəyərləndirilməsini, onlara eyni imkanların verilməsini  və diskriminasiya edilməməsini  nəzərdə tutur. Bu prinsip İran İslam Respublikasının Əsas Qanununun 19-cu və 20-ci maddələrində aydın təsbit edilib.  Belə ki, 19-cu maddədə deyilir: “İran xalqı hansı etnik qrup (qövm) və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz)  vermir”.  20-ci maddədə isə “bərabərlik prinsipinin” nəzərdə tutduğu daha bir hüquq, yəni hər bir kəsin müxtəlif mədəniyyət və  dili  saxlamaq hüququ geniş təsbit olunur. 20-ci maddədə deyilir: “Millətin bütün üzvləri-istər qadın və ya kişi, qanunun himayəsində bərabərdir və islam normalarına riayət etməklə bütün insani, siyasi, iqtisadi, ictimai və mədəni  hüquqlara malikdirlər”.

            “Siyasi tolerantlıq” prinsipi də İran İslam Respublikasının Konstitusiyasında geniş təsbit olunub. Qeyd edək ki, “siyasi tolerantlıq”  çoxluğun  hakimiyyətdə olduğu  cəmiyyətlərdə  azlığın hüququnun qorunmasını nəzərdə tutur. Bu prinsipə görə hakimiyyətdə olmayan azlığa təşkilatlanmaq və fikir söyləmək azadlığı verilməlidir. Dünyanın əksər ölkəsinin əhalisi müxtəlif mədəniyyətlərə və dil fərqlərinə malik olan insanlardan və etnik qruplardan ibarətdir. Belə cəmiyyətlərdə sabitliyin təmin edilməsi və ictimai təhlükəsizlik  siyasi tolerantlıq nəticəsində mümükün ola bilər. İran İslam Respublikasında müxtəlif siyasi partiyaların və ictimai birliklərin azad fəaliyyət göstərməsi Əsas Qanunun 26-cı maddəsində təsbit edilib. Bu maddədə deyilir ki, “Ölkənin istiqlaliyyət prinsiplərini, azadlıq, milli birlik, islam normaları və İran İslam Cümhuriyyətinin əsasını pozmamaq şərti ilə partiyalar, cəmiyyətlər, siyasi qurumlar, birliklər, islami qurumlar və rəsmi tanınmış dini azlıqların cəmiyyətləri azaddır. Heç kəsə bu cəmiyyətlərdə iştirak etməyi qadağan etmək olmaz və eyni zamanda heç kəsi burada iştirak etməyə məcbur etmək olmaz”.

            İran İslam Respublikasında müxtəlif dildə danışan, müxtəlif mədəniyyətlərə  malik olan etnik qruplar və islamın müxtəlif məzhəblərinin davamçıları olan insanlar  var .  “Siyasi tolerantlıq” prinsipinin Əsas Qanunda təsbit edilməsi azlıqda olan məzhəblərin  davamçılarına İran cəmiyyətinin tam hüquqlu üzvləri kimi geniş imkanlar yaradır. Əsas Qanunun 12-ci maddəsində deyilir ki, “...islamın başqa məzhəbləri, o cümlədən hənəfi, şafei, maliki, həmbəli və zeydi tam ehtirama malikdir, bu məzhəblərin davamçıları məzhəb mərasimlərinin keçirilməsində öz fiqhlərinə uyğun azaddırlar, dini təlim və tərbiyə işlərində, şəxsi vəziyyətlərində (nigah, talaq (boşanma), irs və vəsiyyət) və həmin məsələlər üzrə məhkəmə iddialarında rəsmi tanınırlar.”     “Siyasi tolerantlığın” bariz nümunəsi kimi istənilən siyasi partiyanın, ictimai qurumun  yığıncaqlar və yürüşlər  keçirməsi hüququ da  Əsas Qanunda təsbit olunub.  Əsas Qanunun 25-ci maddəsində islamın əsaslarına xələl gətirmədən silahsız yığıncaqların və yürüşlərin keçirilməsinin azad olması aydın ifadə edilib.

            Demokratiyanın başqa bir prinsipi isə “hesabatlılıq”  prinsipidir. Dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, xüsusilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin müstəqilliyinin təminatı mühüm məsələdir. Hər üç qurumun xalq qarşısında hesabatlılığının təmin edilməsi “yaxşı” idarəçiliyin təmin edilməsində əsas şərtdir. Bu prinsipə görə həm seçkili, həm də təyinatlı istənilən dövlət orqanı xalq qarşısında hesabatlı olmalıdır.  Belə hesabatlılıq dövlət orqanlarının, xüsusilə onun rəhbər şəxslərinin öz istəyinə uyğun deyil,  xalqın mənafeyinə uyğun hərəkət etməsini tələb edir. İran İslam Cümhuriyyətinin Əsas Qanununda  bütün dövlət orqanlarının, “aşağıdan yuxarı” və “yuxarıdan aşağı”  hesabatlılığı təmin edilib.

            Digər demokratik ölkələrdə olduğu kimi İran İslam Cümhuriyyətində də hakimiyyət orqanları  qanunverici,  icaredici və hüquq-məhkəmə  orqanları kimi üç qola bölünür. Bu hakimiyyət orqanlarının müstəqilliyi Əsas Qanunun 57-ci maddəsində təsbit  olunub. Qanunvericilik hakimiyyəti İslam Şurası Məclisi yolu ilə həyata keçirilir. İslam Şurası Məclisi xalq tərəfindən seçilmiş nümayəndələrdən (millət vəkillərindən) təşkil edilir.  Məclisin qərarları Əsas Qanunun müəyyən etdiyi  mərhələlərdən keçdikdən sonra icra edilmək üçün icraedici və məhkəmə orqanlarına çatdırılır. 

            İcra hakimiyyətinin rəsmi şəxslərinin qanunverici hakimiyyət qarşısında hesabatlılığı 88-ci maddədə öz əksini tapıb. Belə ki, bu maddənin tələblərinə görə “İslam Şurası Məclisinin bütün nümayəndələrinin azı dörddə biri Cümhuriyyət başçısından və Məclisin hər bir nümayəndəsi isə nazirlərdən öz vəzifələrinin biri haqqında sorğu edərsə, Cümhuriyyət başçısı və ya nazir Məclisdə olmalı və suala cavab verməlidir. İslam Şurası  Məclisi tərəfindən müəyyən edilmiş üzürlü səbəb istisna olunmaqla, Cümhuriyyət başçısının cavabı bir aydan çox, nazirin cavabı isə 10 gündən artıq təxirə salına bilməz.” İcra hakimiyyətinin yüksək rəsmi şəxslərinin qanunverici hakimiyyət qarşısında sorğuya cəlb edilməsi hüququ, hətta Məclisin etimad göstərmədiyi Hazirlər heyətinin və ya nazirin  yeni təşkil edilmiş Nazirlər kabinetinə üzv olmasına məhdudiyyətlərin qoyulması  icra orqanlarının xalqı təmsil edən dövlət orqanı qarşısında hesabatlılığını yüksək səviyyədə təmin edir. Qanunverici hakimiyyət tərəfindən  icra hakimiyyətinin fəaliyyətinə  nəzarət  Cümhuriyyət başçısının fəaliyyətinə də şamil edilir.   Belə ki, özünü demokratik hesab edən əksər ölkələrdən fərqli olaraq, İran İslam Respublikasında Cümhuriyyət başçısı qeyri-məhdud səlahiyyətlərə malik deyil və Əsas Qanunun 110-cu maddəsinə əsasən, qanunverici hakimiyyətin rəyi əsasında rəhbər tərəfindən vəzifəsindən azad edilə bilər.

            İslam Şurası Məclisi də qanunverici orqan kimi öz fəaliyyətində qeyri-məhdud səlahiyyətlərə malik deyil. Onun qəbul etdiyi qərarların Əsas Qanunun müddəalarına və islam ehkamlarına zidd olmaması Nəzarət Şurası tərəfindən diqqətdə saxlanılır. Nəzarət Şurası altı  nəfəri rəhbərlik tərəfindən, altı nəfəri isə məhkəmə hakimiyyəti başçısı tərəfindən təqdim edilən və Məclisin rəyi ilə seçilən müsəlman hüquqşünaslardan ibarətdir.  Beləliklə, Nəzarət Şurası  vasitəsilə məhkəmə hakimiyyəti də qanunverici hakimiyyətin fəaliyyətinə nəzarət etmiş olur. Qarşılıqlı nəzarət və hesabatlılıq hakimiyyətin hər üç qolunun kiminsə mənafeyini yox, məhz  xalqın mənafeyini müdafiə etməsinə şərait yaradır.  

            İran İslam Cümhuriyyətinin dövlət idarəçiliyində  rəhbərlik institutu unikal demokratik mahiyyətlidir. Belə ki, rəhbərlik institutu hakimiyyətin üç qolunun müstəqilliyinin təminatçısıdır. Belə bir institut qərb ölkələrində olmadığı üçün hakimiyyətin üç qolu arasındakı mümkün disproporsiyanı iki yolla aradan qaldırmağa çalışırlar. Birincisi, monarxiya institutunun saxlanması ilə, ikincisi “güclü prezident” institutunun yaradılması ilə. Məsələn, Böyük Britaniya və Şimali İrilandiya, İsveç, Norvec, İspaniya və sair Avropa  Krallıqlarında olduğu kimi. Bu ölkələrdə monarxiya institutunun saxlanması əsasən, iki səbəblə əsaslandırılır. Birincisi, milli birliyin qorunub saxlanması, ikincisi isə hakimiyyətin üç qolunun müstəqilliyinin və hesabatlılığının təminatı. Lakin nəzərə almaq lazımdır ki, monarxiya institutu seçkili olmadığı üçün demokratik prinsiplərə cavab vermir.  Konstitusiya vasitəsilə monarxın səlahiyyətləri nə qədər azaldılsa da seçkili olmaya bu institut demokratik prinsiplərə cavab vermir.

            Son yüzillikdə “güclü prezident” institutunun yaradılmasından dövlət quruculuğunda daha çox istifadə edilir. “Güclü prezident” institutunun olduğu ABŞ –ın nümunəsi bir çox Avropa və Asiya ölkələrində, həmçinin keçmiş Sovet respublikalarında da qəbul edilib. Lakin “güclü prezident” institutunun olduğu ölkələrdə hakimiyyətin üç qolunun müstəqilliyindən və icra hakimiyyətinin hesabatlılığından söhbət gedə bilməz. Çünki “güclü prezident” birbaşa və ya dolayısı ilə digər hakimiyyət qollarını özündən asılı vəziyyətə sala bilir. Məhz “güclü prezident” institutunun tətbiq edildiyi ölkələrdə diktatorluq, avtoritarizm və faşizm üçün münbit şərait yaranır.

            İran İslam Respublikasının dövlət quruluşu qarşılıqlı nəzarət və qarşılıqlı hesabata əsaslanan, hakimiyyətin üç qolunun müstəıqilliyinə təminat verən daha demokratik quruluşdur. Rəhbərlik institutu isə seçkili və kollektiv məsuliyyətə əsaslandığı üçün daha mükəmməldir. Belə idarəetmədə tiranlığa, diktatorluğa, avtoritarizmə, faşizmə, irqçiliyə yer yoxdur. Belə idarəetmədə korrupsiya imkanları və özbaşına qərarqəbulu imkanları minimuma enir.

            İran İslam Cümhuriyyətinin Əsas  Qanununun 107-ci maddəsinə  görə “...rəhbərin təyin edilməsi xalq tərəfindən seçilmiş Xübreqanın öhdəsinə düşür”. 111-ci maddəyə görə isə rəhbər öz qanuni vəzifələrini yerinə yetirə bilmədiyi təqdirdə Xübreqan tərəfindən öz vəzifəsindən azad edilir.

            İcra hakimiyyətinin də hesabatlılığı İran İslam Cümhuriyyətinin Əsas Qanunda aydın təsbit edilib.  Əsas Qanunun 122-ci maddəsinə görə “Cümhuriyyət başçısı Əsas Qanun və adi qanunlara əsasən öz öhdəsinə götürdüyü ixtiyar və vəzifələr çərçivəsində xalqın, rəhbərin və İslam Şurası Məclisinin qarşısında məsuliyyət daşıyır.”

            Demokratik prinsiplərdən biri də “şəffaflıq” prinsipidir. Bu prinsip dövlət orqanlarının fəaliyyətinin şəffaf olmasını, bu fəaliyyətlə bağlı əhalinin mütəmadi məlumatlandırılmasını nəzərdə tutur. Əsas Qanunun 69-cu maddəsinə əsasən İslam Şurası Məclisinin müzakirələri açıq keçirilir və onun bütöv yayımı radio və rəsmi qəzet yolu ilə bütün xalqa çatdırılır. Qanunverici hakimiyyətin iclaslarının açıq  aparılması və şəffaflığın təmin edilməsi onun xalq qarşısında hesabatlılığının mühüm göstəricisidir.  Əsas Qanuna görə fövəladə hallarda  qapalı keçirilən iclasların hesabat və qərarları da fövqəladə şərait aradan qalxandan sonra hamı üçün çap edilməlidir.

            Demokratiyanın “şəffaflıq prinsipi” nəinki dövlət orqanlarının fəaliyyətinin şəffaflığını, həm də bu orqanlarda çalışan yüksək vəzifəli şəxslərinin  gəlir və xərclərinin şəfaflığını nəzərdə tutur. “Şəffaflıq prinsipi” dövlət orqanlarında korrupsiyanın qarşısının alınması üçün mühüm prinsipdir. İran İslam Respublikasının Əsas Qanununun 142-ci maddəsində bu prinsip geniş təsbit olunur. Bu maddənin tələbinə görə  “Rəhbər, Cümhuriyyət başçısı, onun müavinləri, nazirlər və onların xanımları və övladlarının əmlak və maliyyə imkanları vəzifə xidmətindən əvvəl və sonrakı dövr üçün hüquq –məhkəmə hakimiyyəti tərəfindən yoxlanılır ki, bu əmlak və varidat haqqa və qanuna zidd şəkildə artmamış olsun.”

            Demokratik  prinsiplər içərisində “mütəmadi, azad və ədalətli seçkilərin keçirilməsinin vacibliyi” xüsusi yer tutur. “Mütəmadi, azad və ədalətli seçkilərin keçirilməsi prinsipi”  dövlət idarəçiliyində əhalinin iştirakı mexanizmini təmin edir.  Məhz belə seçkilər vasitisilə dövlət orqanlarının rəsmi şəxsləri dinc yolla bir-birini əvəz edir. Seçkilər demokratiyanın əsas göstəricisi olan “çoxluğun azlıq üzərində hakimiyyətini” təsbit edir. Azlıq isə növbəti seçkilərə qədər “çoxluq olmağa” cəhd göstərir. Beləliklə, cəmiyyətdə “ictimai-siyasi rəqabət” mühiti formalaşır. Yuxarıda qeyd etdiyimiz kimi, İran İslam Respublikasının Əsas Qanunu  dövlət  və bələdiyyə idarəetməsinin  bütün  səviyyələrində mütəmadi, azad və ədalətli seçki keçirilməsini təsbit edərək unikal demokratik idarəetmə imkanı  yaratmışdır.

            İran İslam Cümhuriyyətinin Əsas Qanunu Xübreqana seçkiləri,  İslam Şurası Məclisinə seçkiləri, Cümhuriyyət  başçılığına seçkiləri təsbit etməklə yanaşı, həm də yerli şuralara seçkiləri nəzərdə tutur. Əsas Qanunun 100-cü maddəsinə əsasən “Xalqın əməkdaşlığı  yolu ilə ictimai, iqtisadi, abadlıq, səhiyyə, mədəni və təhsil proqramlarını və ümumi rifah işlərini sürətlə həyata keçirmək üçün yerli tələbləri nəzərə alaraq hər bir kəndin, rayonun, şəhərin, nahiyyənin və əyalətin işlərinin idarə olunması kənd, rayon, şəhər, nahiyyə və əyalət şuraları tərəfindən icra olunur. Bu şuraların üzvlərini yerli əhali seçir.” Bu maddə yerli demokratiyanın inkişaf prinsipini açıq-aydın təsbit edir. Yerli əhəmiyyətli məsələlərin həllində yerli şuralara yüksək səlahiyyətlərin verilməsi nəinki yerli əhalinin hüquqlarının müdafiəsidir və demokratik mahiyyətlidir, hətta regionların bərabər  və balanslı iqtisadi inkişafı üçün mühümdür. Əsas Qanunun 103-cü maddəsinə görə “Dövlət tərəfindən təyin edilən əyalət , nahiyyə və rayonların icra başçıları və ölkənin başqa dövlət orqanları şuraların hüquqları çərçivəsində onların qərarlarına riayət etməyə borcludur.”  Yerli şuralara verilən belə yüksək səlahiyyət  1985-ci il oktyabrın 15-də Strastburq şəhərində imzalanmış "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının maddələrinə tam uyğun gəlir.

            İran İslam Cümhuriyyətinin Əsas Qanununun 62-ci maddəsinə görə “İslam Şurası Məclisi xalq tərəfindən birbaşa və gizli səsvermə yolu ilə seçilən nümayəndələrdən təşkil edilir. Seçicilər və seçilənlərin şərtləri və eyni zamanda seçkilərin keyfiyyəti Qanun tərəfindən müəyyən edilir”. Qeyd  edək ki, İslam Şurası Məclisi üzrə nümayəndəliyin müddəti 4 ildir.

            İran xalqının bütün təbəqələrinin dövlət idarəçiliyində  iştirakını təmin etmək məqsədilə azlıq statusu olan qruplara İslam Şurası Məclisində xüsusi yerlər ayrılmışdır.  Belə ki, Əsas Qanunun 64-cü maddəsinə əsasən “Zərdüştilər və kəlimilər hər biri bir nümayəndə,  aşuri və kəldani xaçpərəstlər birlikdə bir nümayəndə, cənub və şimal erməni xaçpərəstlər isə hər biri bir nümayəndə seçir”. Qeyd edək ki, azlıqlar üçün qanunverici orqanda xüsusi kvotaların ayrılması  özünü demokratik adlandıran əksər ölkələrdə yoxdur və İran İslam Cümhuriyyətinin Əsas Qanununun demokratik prinsiplərə əsaslanan üstün cəhətlərindəndir.

            İran İslam Cümhuriyyətinin Əsas Qanununun 114-cü  maddəsinə görə “Cümhuriyyət başçısı dörd il müddətinə xalqın birbaşa səsverməsi ilə seçilir və onun yeni müddətə bir daha seçilməsi yalnız bir dövr üçün mümkündür.” Cümhuriyyət başçısının  seçkisinə vaxt məhdudiyyətinin açıq şəkildə qoyulması seçkinin mütəmadiliyini təmin etməklə yanaşı, həm də icra hakimiyyətinin seçicilər qarşısında hesabatlılığına, siyasi rəqabətin inkişafına şərait yaradır. 

            Demokratiyanın digər çox mühüm prinsipi “iqtisadi azadlıq” prinsipidir.        Bu prinsipə görə insanların xüsusi mülkiyyət hüququ dövlət tərəfindən tanınır. İnsanlar öz peşələrini seçməkdə azaddırlar və onlar həmkarlar ittifaqlarında birləşə bilərlər. “İqtisadi azadlıq” prinsipi dövlətin iqtisadiyyata daha az nüfuz etməsini və azad ticarəti nəzərdə tutur. İran İslam Cümhuriyyətinin Əsas Qanununun  43-55-ci   maddələri iqtisadiyyat və maliyyə işlərinə həsr edilib. Bu maddələrdə demokratiyanın  “iqtisadi azadlıq”  prinsipi ən geniş mənada təsbit olunub. Əsas Qanunun 43-cü maddəsinə görə iqtisadi istiqlaliyyəti təmin etmək, yoxsulluğun və məhrumiyyətin kökünü kəsmək və adamların azadlığını saxlamaqla onların artmaqda olan ehtiyaclarını ödəmək üçün İran İslam Cümhuriyyətinin iqtisadiyyatı peşə seçməkdə azadlığa riayət etməyi, adamları müəyyən bir işə məcbur etməməyi, başqasının işindən mənfəət götürməyin qarşısını almağı nəzərdə tutur.  Əsas Qanunun 47-ci maddəsinə görə “qanuni yol ilə  olan şəxsi mülkiyyət möhtərəm sayılır.”

.              İran İslam Cümhuriyyətinin Əsas Qanununa  görə hər bir kəs islamın əleyhinə olmayan , ümumi mənafeyinə və başqalarının hüququna zidd olmayan istədiyi  hər bir peşəni seçə bilər. Dövlət “iqtisadi azadlığa” təminat verməklə yanaşı, həm də cəmiyyətin müxtəlif peşələrə olan tələblərini nəzərə almaqla bütün əhali üçün işlə təmin olunmaq imkanı və öz peşələrini saxlamaq üçün bərabər şərait yaratmağı öz üzərinə vəzifə kimi götürür.  

                İran İslam Cümhuriyyətinin son 32 ildə nailiyyətlərinə kölgə salmaq istəyənlər adətən bu ölkədə “insan hüquqlarına hörmət prinsipinə”  riayət olunmadığını, xüsusilə qadınlara qarşı diskriminasiyaların olduğu israr edirlər. Qeyd edək ki, Əsas Qanunun 21-ci maddəsi bütünlükdə qadın hüquqlarının müdafiəsinə həsr edilib. Bu maddədə dövlət islam normalarına riayət etməklə qadın hüquqlarını bütün səviyyələrdə təzmin etməyi, o cümlədən qadın şəxsiyyətinin inkişafını, maddi və mənəvi hüquqlarının dirçəlməsi üçün münasib şəraitin  yaradılmasını,  qadınların himayəsini, xüsusilə hamiləlik və körpəni saxlayan dövrdə onlara qayğı göstərilməsini, kimsəsiz uşaqların himayəsini, dul və qoca qadınlar, ailə başçısı olmayan qadınlar üçün xüsusi sığorta sisteminin yaradılmasını və sair məslələrin həllini  öz üzərinə götürür. Əsas Qanunun 23-cü maddəsinə görə  İran İslam Cümhuriyyəti əqidələri təftiş etməyi, müəyyən əqidəyə malik olduğuna görə kimisə təqib etməyi, sorğuya çəkməyi və töhmətləndirməyi   qadağan edir.

            “İnsan hüquqlarına hörmət prinsipinə”  daha bir bariz nümunə olan 14-cü maddədə isə deyilir ki, “... İran İslam Cümhuriyyəti  dövləti və müsəlmanlar qeyri-müsəlman olanlara qarşı gözəl davranış və islama xas olan insaf və ədalətlə rəftar etməyə borcludurlar.” Bu maddə İran cəmiyyətində dini zəmində insanların hər hansı cür diskriminasiyasının və sıxışdırılmasının necə qadağan olduğunu aydın sübut edir. Bəzi qərb ölkələrində islamofobiyanın bilərəkdən qızışdırılması və islam simvollarının qadağan edilməsi, islam müqəddəslərinə qarşı təhqiramiz hərəkətlərin edilməsi hansı cəmiyyətlərin  demokratik prinsiplərə əməl etdiyini  bir daha sübut edir.

            İran İslam Respublikasının Əsas Qanununda demokratik prinsiplərə geniş yer verilməsi  heç də təsadüfi deyil. Belə ki, bu gün qərb dünyasının dövlət idarəetməsində istifadə etməyə çalışdığı  demokratik prinsiplər İslam dininin mahiyyətində ən mükəmməl şəkildə təsbit olunub. İslamın mahiyyətində olan demokratiklik təkcə dövlət idarəetməsini deyil, həm də insanlar adasındakı münasibəti, insanla ətraf mühit arasındakı harmoniyanı əhatə edir. 

 Mayis Güləliyev, politoloq

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Böyük Yaxın Şərq

İranın “təcili tibbi yardım” vertolyotu Xəzərdə qəzaya uğradı

02.06.15 23:06
Müəllif:
Baxılıb:175

İran prezidenti Türkiyəni əməkdaşlığa dəvət edib

02.06.15 23:06
Müəllif:
Baxılıb:191

İranda iki sərnişin qatarı toqquşub: ölü sayı 31-ə çatdı, 89 yaralı

02.06.15 23:06
Müəllif:
Baxılıb:121

Jirinovski: “Tramp Qarabağın həlli üçün…”

02.06.15 23:06
Müəllif:
Baxılıb:196

Türkiyə Ermənistanla sərhədlərin açılması şərtini açıqlad

02.06.15 23:06
Müəllif:
Baxılıb:107

Türkiyədə mis mədənində uçqun baş verib

02.06.15 23:06
Müəllif:
Baxılıb:100

"Əgər ABŞ İranla müharibə etmək qüdrətində olsaydı..."

02.06.15 23:06
Müəllif:
Baxılıb:162

Xəbər lenti

27 Mart
26 Mart 
23:31 
23:24 
23:08 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org