Ana səhifə  |  Albomlar    Videolar    27.03.2017
Az  |  Ru
18.08.15 23:08
Baxılıb::1768

Vətəndaş Cəmiyyətinin süqutu

Vətəndaş Cəmiyyətinin süqutu


Demokratiya çoxluğun dolayısı ilə həyata keçirdiyi  hakimiyyətidir. Demokratiya şəraitində həqiqi hakimiyyəti çoxluğun seçdiyi azlıq həyata keçirir. Hakimiyyətdə olan azlıq öz hakimiyyətini möhkəmlətmək üçün çoxluğun ələ və nəzarətə alınmasına cəhd edir. Azlıq çoxluq qarşısında məsuliyyətini, çoxluq isə azlıq üzərində nəzarəti itirəndə cəmiyyət məhvə gedir. Tarix sübut edir ki, savadsız çoxluq, vicdansız azlığa müqavimət göstərmək gücündə deyil və həmişə ona  tabe olur.

Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan xalqının əsas niyyətlərindən biri kimi  vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmağı təsdiq edir. Təəssüf ki, nə Konstitusiyada nə də digər rəsmi sənədlərdə vətəndaş cəmiyyətinin nə olduğu aydınlaşdırılmır. Bu anlayışın sovet sisteminin dağılmasından sonra dilimizə daha çox nüfuz etdiyini nəzərə alsaq, onun siyasi xarakteri və arxasında dayanan gizli mətləblər də qismən aydınlaşmış olar. Başqa sözlə desək  “vətəndaş cəmiyyəti” anlayışı da onun “doğma qardaşları” olan “demokratiya” və “insan hüquqları” anlayışları  kimi üçüncü dünya ölkələrinə, o cümlədən Azərbaycana ABŞ-ın yeni müstəmləkəçilik ideoloji strukturları tərəfindən  “yeni libasda”  idxal edilmişdir.

Lakin qəbul etmək lazımdır ki, “vətəndaş cəmiyyəti” anlayışı  XX əsrin kəşfi deyil və onun kökləri çox qədimlərə gedib çıxır. Hələ iki min il yarım bundan əvvəl Sokrat deyirdi ki, insanların şəxsi maraqları ilə cəmiyyətin maraqları arasında olan daimi konfliktləri necə aradan qaldırmaq olar ki, insanlar  yaxşı yaşasınlar. O bunun mümkünlüyünü  problemlərin ictimai müzakirəsində və bu müzakirələrin inkar edilməz həqiqətin  ortaya çıxmasına qədər davam etdirilməsində görürdü. Aristotel  isə azad cəmiyyətin iki əsas aspektini önə çəkirdi. Birincisi, cəmiyyətin daha çox hissəsi dövlət  idarəçilikdə iştirak etməlidir, ikincisi isə  dövlət vətəndaşların həyatına qarışmamalıdır.

Vətəndaş cəmiyyəti ilə bağlı olan sonrakı nəzəri baxışlar  da əsasən Aristotelin irəli sürdüyü aspektlərə söykənir. Bu aspektlər isə əslində cəmiyyət ilə dövlət  arasında açıq və ya gizli ziddiyyətin olmasından  xəbər verir. Alman filosofu Heygel də qeyd edirdi ki,   vətəndaş cəmiyyəti ilə dövlət arasında müxaliflik mövcuddur. Deməli,  vətəndaş cəmiyyəti dövlətdən kənarda müstəqil fəaliyyət göstərən və ona potensial müxalif olan cəmiyyətdir. Digər tərəfdən bu elə bir cəmiyyətdir ki, dövlətin addımbaaddım  saflaşması üçün sağlam diskussiya aparmaq gücündə olur.  Sovet sistemində, məhz bu mənada, vətəndaş cəmiyyəti ola bilməzdi, çünki dövlət ictimai həyatın bütün sahələrini nəzarətdə saxlayaraq dövlətdən və kapitaldan kənar cəmiyyətin mövcudluğuna imkan vermirdi. Deməli, vətəndaş cəmiyyətinin qurulması hər şeydən əvvəl dövlətdənkənar, başqa sözlə desək, dövlət qurumlarının və ya dövlət mülkiyyətinin  idarəçiliyində birbaşa iştirak etməyən, lakin onun fəaliyyətini nəzarətdə   saxlamaq gücündə olan insan kütləsinin formalaşmasını nəzərdə tutur. Deməli, vətəndaş cəmiyyəti əslində dövlət ilə birgə bütöv sistemin vəhdətdə və daimi mübarizədə olan iki elementidir. Göründüyü kimi “vətəndaş cəmiyyəti” anlayışı çox cəlbedici və imitasiya edilmək üçün həssas anlayışdır. Nəzərə almaq lazımdır ki, vətəndaş cəmiyyətinin qurulması cəmiyyətin dayanıqlı inkişafı üçü hansı  dərəcədə vacibdirsə, onun imitasiyası bir o qədər təhlükəli və tərəqqi üçün ziyanlıdır.

 Odur ki, ABŞ xarici siyasət qurumları keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda cəmiyyətin nəzarətdə saxlanması üçün “vətəndaş cəmiyyəti” anlayışının gizli və həssas imkanlarından məharətlə istifadə edərək, vətəndaş cəmiyyəti imitasiyası yaratmağa nail oldular. İllərlə böyük zəhmət bahasına qurulmuş təsərrüfat subyektlərinin qısa zaman kəsiyində  özəlləşdirmə adı ilə məhv edilməsi əslində vətəndaşların dövlət orqanlarından asılılığını nəinki azaltmadı, əksinə hətta dövlət məmurundan onların daha güclü asılılığını təmin etmiş oldu. İdarəetmə sistemimin zərurət olmadan sındırılaraq yenidən qurulması isə əhalinin daha geniş təbəqəsinin  dövlət idarəçiliyində iştirak imkanını artırmaq əvəzində onlar arasındakı uçurumu daha da dərinləşdirdi.

Azərbaycanda vətəndaş cəmiyyətinin mahiyyətini düzgün başa düşmək üçün onun subyektlərini aydınlaşdırmağa və onların mahiyyətini araşdırmağa ehtiyac var. Qəbul etmək lazımdır ki, vətəndaş cəmiyyəti təkcə subyektlərdən ibarət deyil, həmçinin bu subyektlər arasındakı münasibətləri və cəmiyyətlə dövlət arasındakı münasibətləri müəyyən edən qanunlardan, qaydalardan, adət və ənənələrdən də ibarətdir. Odur ki, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətini təkcə subyektlərin mahiyyəti deyil, həm də onlar arasındakı mövcud münasibətlər müəyyən edir. Azərbaycanda  dövlətdənkənar  vətəndaş toplumları kimi özəl və ictimai qurumlarda, KİV, siyasi partiyalarda, dini qurumlarda və ictimai birliklərdə  çalışan insanları və dövlət qurumlarında birbaşa çalışmayan insanları nəzərdə tutmaq olar. Səksəninci illərinin sonlarında sovet dövlətindən özünü ayırmağa çalışan  potensial vətəndaş cəmiyyəti ABŞ-ın ideoloji təsiri ilə nəinki dövlətdən sürətli kənarlaşmanı həyata keçirdi, hətta vətəndaş cəmiyyəti-dövlət münasibətlərinin  formalaşmasına ciddi ziyan vurdu.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf tarixini üç dövrə bölmək olar: 1994-cü ilə qədər,  1994- cü ildən 2003- cü ilə qədər və ondan sonrakı dövr.   Birinci dövr dövlətdən sürətli kənarlaşma və ABŞ tərəfindən vətəndaş qurumlarının fəaliyyətinin nəzarətə alınması dövrüdür. Bu dövrün  xarakterik cəhəti ondan ibarətdir ki, ABŞ vətəndaş cəmiyyəti subyektlərindən ölkənin iqtisadiyyatını və idarəetmə strukturunu zəiflətmək, qonşu dövlətlərlə münasibətlərin gərginləşməsi və  regionda “təklənməsi” məqsədilə geniş istifadə edir.  Bu  məqsədlə vətəndaş cəmiyyəti  qurumlarına mümkün maliyyə və ideoloji yardımlar göstərilir və vətəndaş cəmiyyətinin radikallığı və müxalifliyi təqdir olunur.  Tədqiqatlar göstərir ki, bu dövrdə regional konfliktlərin azaldılması istiqamətində vətəndaş cəmiyyətindən nəinki istifadə olunmur, əksinə regional əməkdaşlıq istiqamətində vətəndaş cəmiyyətinə dəstək göstərilmir. Bu dövrdə potensial vətəndaş cəmiyyəti subyektlərindən hakimiyyət əleyhinə geniş istifadə edilir. Vətəndaş cəmiyyəti subyektlərindən hakimiyyətlə hər hansı əməkdaşlıq təşəbbüsü təqdir edilmir. Tədqiqatlar göstərir ki, bu dövrdə hakimiyyətlə əməkdaşlığın genişləndirilməsi məqsədilə heç bir subyektə ABŞ tərəfindən maliyyə yardımı göstərilməmişdir. Bu  dövrü Azərbaycan hakimiyyətinin ən zəif, Azərbaycan cəmiyyətinin isə siyasi cəhətdən ən aktiv dövrü hesab etmək olar. Daxili əlaqələrdən məhrum olan və xaotik fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyəti ilə dövlət arasında münasibətlərin formalaşmaması təkcə Qarabağ məsələsinə deyil, 1994-cü ildə imzalanmış neft kontraktlarına da öz mənfi təsirini göstərdi.

1994-cü ildən 2003-cü ilə qədər olan dövrü vətəndaş cəmiyyətinin ABŞ və Azərbaycan hakimiyyəti  tərəfindən “nizama  salınması”  və yaxud imitasiyanın başlanğıc dövrü adlandırmaq olar.   Bu dövrün xarakterik cəhəti ondan ibarətdir ki, “Əsrin kontraktını” imzalayaraq ABŞ –ın “müştəri ölkəsinə” çevrilmiş Azərbaycan  hakimiyyəti daxili vəziyyətin nizamlanması üçün ona potensial müxalifət ola biləcək vətəndaş cəmiyyətini nəzarətə almağa cəhd edir və buna nail olur. Neft kontraktları ilə bağlı Azərbaycan hakimiyyətindən istədiyini  alan ABŞ  isə ona sədaqətli olan hakimiyyətin qorunması üçün elə vətəndaş cəmiyyətinin qurulmasına cəhd edir ki, o maliyyə cəhətdən ABŞ-dan asılı olmaqla bərabər, həm də istənilən vaxt hakimiyyətə müxalif ola bilsin.  Beləliklə, bu dövrdə ABŞ üçün maliyyə müstəqilliyi qismən təmin edilən və onun nəzarətində fəaliyyət göstərən vətəndaş cəmiyyəti  subyektlərinin hakimiyyətlə münasibətlərindəki həssaslığın saxlanılması, əslində 2003-cü ildə prezident seçkilərinin nəzarətdə saxlanması üçün çox vacib idi. Digər postsovet ölkələrində, xüsusi ilə Gürcüstan və Özbəkistanda vətəndaş cəmiyyətlərinin  analizi də bunu deməyə əsas verir ki, hakimiyyət ilə bu ölkələrdəki vətəndaş cəmiyyəti arasında yaradılan və dəstəklənən həssas müxalifət münasibət lazım olan anlarda hakimiyyətə qarşı istifadə etmək üçün ABŞ-a çox vacib olmuşdur.  Bu dövrdə qismən maliyyə müstəqilliyi təmin edilən   vətəndaş cəmiyyəti təşkilatları, xüsusilə qeyri-hökumət təşkilatları arasındakı xaotik   münasibətlərin aradan qaldırılması və onların fəaliyyətlərinin daha asan idarə edilməsi üçün ciddi addımlar atılmışdır. Bu dövrdə müvafiq qanunvericiliyin qəbul edilməsi, vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı məsələlərinin tam nəzarətdə saxlanması, hakimiyyətə yaxın çoxlu sayda QHT-lərin yaradılması və sair. 1997-1999-cu illərdə BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “QHT-lərin  və ictimai təşkilatların imkanlarının artırılması vasitəsilə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi” layihəsi də əslində QHT-lərin nəzarət altına alınması və bir mənbədən idarə edilməsi məqsədi daşımışdır.  Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bu layihə çərçivəsində yaradılan Milli QHT Forumuna müxtəlif üsullarla birləşdirilməsi  həm USAİD, həm də hakimiyyətə vətəndaş cəmiyyəti təşkilatı kimi onlardan daha asan istifadə etməyə və lazım olan anlarda manipulyasiya etməyə imkan yaratdı. Məhz bu dövrdən başlayaraq vətəndaş cəmiyyəti təşkilatlarının hökumət ilə münasibətlərinin yumşaldılması istiqamətində ABŞ təşkilatları tərəfindən səylər göstərilmişdir. Bu dövrdə vətəndaş cəmiyyəti təşkilatlarından BP-nin Azərbaycandakı fəaliyyətinin və BTC-nin maliyyələşdirilməsinin dəstəklənməsi məqsədilə, terrora qarşı müharibə bəhanəsi ilə İraqın işğal edilməsinin və onun  neftinin ABŞ tərəfindən ələ keçirilməsinin dəstəklənməsi və sair məqsədlərlə istifadə edilmişdir. Lakin buna baxmayaraq bu dövrdə vətəndaş cəmiyyəti-hökumət əməkdaşlığına yönələn, demək olar ki heç bir layihə ABŞ tərəfindən açıq dəstəklənməmiş və maliyyələşdirilməmişdir. ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən  donor təşkilatları, o cümlədən, ABŞ səfirliyi əsasən müxalifət partiyaları ilə əlaqəsi olan təşkilatların maliyyələşməsini həyata keçirərək onlardan hakimiyyətə təsir vasitəsi kimi istifadə etməyə cəhd göstərmişlər. Çünki qarşıda hələ Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bağlı məsələlərin həll edilməsi və ABŞ-in Azərbaycanda tam hökmranlığının dönməzliyinə əmin olmaq lazım idi. Bu məsələlər isə 2002-cü ilin axırlarında öz həllini tapmış oldu. Beləliklə, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf tarixinin üçüncü dövrü-süqut dövrü başladı.

  Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf tarixinin üçüncü dövrünü-süqut dövrünü xarakterizə edən əsas xüsusiyyət  onların həm ABŞ donor təşkilatları, həm də hökumət tərəfindən tam nəzarətdə saxlanmasıdır. Bu dövrdə vətəndaş cəmiyyətinə münasibətdə ABŞ və hökumətin  siyasəti demək olar ki, üst-üstə düşür. Regionda və Azərbaycan cəmiyyətində stabilliyin prioritet kimi qarşıya qoyulduğu bu dövrdə ABŞ elə vətəndaş cəmiyyətinə ehtiyac duyur ki, o, 1) ABŞ-ın iqtisadi maraqlarını qorusun; 2) enerji təhlükəsizliyini təmin etmək məqsədilə daxili və regional stabilliyin pozulmasına şərait yaranmasın; 3) ABŞ şirkətlərinin və ya onun iqtisadi maraqlarını dolayısı ilə qoruyan şirkətlərin mülkiyyətinə və daha yüksək mənfəətinə təhlükə olmasın; 4) Azərbaycan cəmiyyətinin yaxın qonşularla münasibətlərinin inkişaf etdirilməsinə cəhd göstərməsin və sair.

Qoyulmuş bu məqsədlər hökumətin vətəndaş cəmiyyətinin imitasiyası ilə bağlı siyasəti ilə demək olar ki, üst-üstə düşür: 1)müstəqil QHT-lərin və KİV-in aradan çıxarılması; 2) yuxarıda qoyulmuş məqsədlərə xidmət edə bilən, idarəedilən QHT-lərin və KİV-in dəstəklənməsi; 3) daha asan idarəçilik üçün QHT və KİV birliklərinin yaradılması; 4) QHT-lərin və KİV-in maliyyə mənbələrinin idarə edilməsi və sair. İdarəediləbilən vətəndaş cəmiyyətinin yaradılmasını və dəstəklənməsini qarşıya məqsəd qoyan ABŞ təşkilatları  son illərdə ilk dəfə olaraq  əvvəlki dövrlərdən fərqli olaraq hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığı ideyasını ortaya atmışdır.  Unutmaq lazım deyil ki, hökumət  orqanları ilə əməkdaşlıq adı ilə idarəedilən QHT-lərin maliyyə və digər təminatları təkcə müstəqil QHT-lərin aradan çıxarılması ilə və hakimiyyətin möhkəmlənməsi ilə deyil, həm də vətəndaş cəmiyyətinin-dövlətin və kapitalın ictimai nəzarətdə saxlanmasını təmin edə biləcək yeganə ictimai qüvvənin  iflası, yaxın gələcəkdə isə dayanıqlı stabilliyin və inkişafın iflası deməkdir.

Şərhlər
* Bu xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız və soyadınız
Sizin elektron ünvan
Siyasət

Prezident Danimarka və Portuqaliya səfirlərinin etimadnamələrini qəbul edib - FOTO

18.08.15 23:08
Müəllif:
Baxılıb:44

“RƏHBƏRLİK BUNA GÖRƏ CAVAB VERMƏLİDİR” – Deputat

18.08.15 23:08
Müəllif:
Baxılıb:75

İlham Əliyev Fransa ilə iqtisadi əməkdaşlıq barədə

18.08.15 23:08
Müəllif:
Baxılıb:30

“Sən olmasaydın Türkiyə, bu həyat nəyə yarayardı?”- Jirinovski Hollandiyanı ittiham etdi

18.08.15 23:08
Müəllif:
Baxılıb:24

İlham Əliyev Fransada ilk görüşlərini keçirir

18.08.15 23:08
Müəllif:
Baxılıb:35

Azərbaycan XİN Niderlandın davranışını pisləyən bəyanat yaydı

18.08.15 23:08
Müəllif:
Baxılıb:76

BAKININ MƏRKƏZİNDƏ ƏMƏLİYYAT – 25 nəfər tutuldu + VİDEO

18.08.15 23:08
Müəllif:
Baxılıb:1129

Xəbər lenti

27 Mart
26 Mart 
23:31 
23:24 
23:08 

YazarlarDigər

Yasillar

Sorğu

Azərbaycan hansı yolu seçməlidir?
Müstəqilliyi
Avropa İttifaqını
Avroasiya ittifaqı

Arxiv



Facebook

         
      Bas redaktor: Mehri H?midova, telefon: (+99412) 4406057         E-mail: info@yaxa.org